UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda “Napoli” “Real Madrid”i qəbul edəcək. Hər iki komanda ilk oyunda qələbə qazanmışdı. Napoli səfərdə “Braqa”nı 2-1 hesabilə məğlub edib. “Real Madrid” isə Union Berlinə minimal hesabla qalib gəlmişdi. İtaliya klubunun heyətində əsas itki Amir Rahmani və Xuan Jezusun adı ilə bağlıdır. Neapol klubunun çalışdırıcısı Rudi Qarsiya bu oyunun çətin keçəcəyini lakin sərfəli nəticə üçün sona qədər mübarizə aparacaqlarini bildirib: “Liqada əvvəlki formamızı bərpa etmişik. Hazırda isə Çempionlar liqası tarixinin ən yaxşı komandalarından birinə qarşı gərgin və maraqlı görüş bizi gözləyir. Karlo Ançelotti həqiqətən də daim özünü yeniləyən və hər oyun komandasını qələbəyə kökləyə bilən baş məşqçidir. Ona hörmətlə yanaşıram. Ötən mövsümlə builki “Napoli”ni müqayisə etsək elə də böyük fərqlər görmərik. Yenə A seriyasında topa ən çox sahib olan klublardan biriyik. Hələ də qapıya çoxlu zərbələr endiririk. İstədiyimiz nəticəni qazanmaq üçün bu göstəricilər tabloda da öz əksini tapmalıdır”.
“Kral klubu” bu matçda David Alaba, Tibo Kurtua, Arda Gülər və Eder Militaonun xidmətindən yararlana bilməyəcək. Karlo Ançelotti azarkeşləri rəqabətli və bərabər səviyyəli oyunun gözlədiyini bildirib: "İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Keçən il onlar çox yaxşı çıxış etdilər və eyni oyun üslubunu qorudular. Buna görə də rəqabətli və bərabər səviyyəli görüş olacaq, çünki "Napoli" həqiqətən də yüksək səviyyəli, istedadlı futbolçulara sahibdir. Əlbəttə, bu, bizim üçün qrup mərhələsinin ən çətin oyunu olacaq. Düzünü desəm, belə qarşılaşmalara öyrəşdiyimizi söyləmək istəmirəm, lakin "Real Madrid"in bu turnirdə hansı komandaları məğlub etdiyini hər kəs bilir”.
Qeyd edək ki, “Napoli” – “Real Madrid” matçı bu gün saat 23:00-da başlanacaq. Görüşü fransalı Kleman Tyürpenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.